11 İyul 2023 12:00
2 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən üçtərəfli görüşdən sonra Türkiyənin İsveçin NATO üzvlüyünə “yaşıl işıq” yandırmasından sonra ABŞ-Türkiyə münasibətlərində diqqətçəkən gəlişmələr yaşanır.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyi (Pentaqon) Türkiyəyə F-16-nın satışı ilə bağlı isti mesajlar verib.

ABŞ müdafiə naziri Lloyd Ostin türkiyəli həmkarı Yaşar Gülərlə telefon danışığı aparıb.

Pentaqonun açıqlamasında Ostinin Türkiyənin F-16-ları modernizasiya tələbinə verdiyi dəstəyi gündəmə gətirdiyi bildirilib.

“İki nazir Türkiyə, İsveç və NATO arasındakı görüşü müsbət qiymətləndirdi və Müdafiə Nazirliyinin Türkiyənin modernizasiya prosesinə verdiyi dəstək gündəmə gətirildi”, - məlumatda deyilir.

Anti-Türkiyə mövqeyi ilə tanınan Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez də Ankaranın İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcəyini açıqlamasından sonra açıqlama verib. F-16-ların Türkiyəyə satışına qarşı olduğunu hər fürsətdə dilə gətirən Menendez bununla bağlı Bayden administrasiyası ilə danışıqlar apardığını deyib.

“Hələ də Türkiyə ilə bağlı narahatlığım var. Bayden administrasiyası ilə danışırıq. Bayden administrasiyası Türkiyənin bir neçə ayda qonşularına qarşı birdəfəlik təcavüzünə son qoymağın bir yolunu tapa bilsə, bu, əla olardı, amma bu, daimi reallıq olmalıdır”, - senator vurğulayıb.

Yunanıstanın təhlükəsizliyinə önəm verdiyini bildirən Menendez F-16 satışı ilə bağlı qərarını növbəti həftə ərzində açıqlayacağını söyləyib.

Əvvəlki açıqlamalarında oxşar tələblər irəli sürən Menendez İsveçin NATO üzvlüyünün təsdiqlənməsini və Yunanıstanın hücuma məruz qalmaması ilə bağlı öhdəlik istəyib. Amma Ankaranın İsveç qərarından sonra Bayden administrasiyasının F-16 paketini Konqresdən keçirəcəyi ehtimalı yüksəkdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər