11 İyul 2023 16:23
2 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərdoğan Putinlə tərəfdaşlığın davamında maraqlı olsa da, Kreml sahibinin sonunda həm siyasi, həm də hərbi məğlubiyyətlə üzləşəcəyini proqnozlaşdırmağa başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya-Türkiyə münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın “Azov” alayının komandir heyətini niyə Ankaraya səfər edən ukraynalı həmkarı Vladimir Zelenskiyə təhvil verdi, axı Rusiya ilə razılaşmaya görə, onlar müharibə bitənə qədər Türkiyədə qalmalı idilər? Bu sual hər üç ölkədə - Türkiyədə, Ukraynada və ən çox da Rusiyada müzakirə edilir.

Sualın iki cavab variantı səslənib. Birincisi, Türkiyə lideri ukraynalı döyüşçüləri ölkələrinə qaytarmaqla NATO-nun zirvə toplantısı ərəfəsində Ankaranın İsveçin təşkilata üzvlüyünün əleyhinə olmasıyla bağlı ona edilən təzyiqləri neytrallaşdırmaq istəyib. İkincisi, ukraynalı döyüşçülərin təhvil verilməsi Rusiya Prezidenti Vladimir Putinin Ərdoğanın böyük səyi nəticəsində qəbul edilən taxıl anlaşmasını uzatmayacağı eyhamlarına cavabdır.

Daha çox müzakirə edilən bu iki varianta ikisini də əlavə etmək olar. Rusiya-Ukrayna müharibəsinin sonu görünmədiyinə görə Ərdoğan ukraynalı döyüşçüləri uzun müddət saxlamağın doğru olmadığı qənaətinə gəlib. Digər yandan, Ərdoğan Putinlə tərəfdaşlığın davamında maraqlı olsa da, Kreml sahibinin sonunda həm siyasi, həm də hərbi məğlubiyyətlə üzləşəcəyini proqnozlaşdırmağa başlayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər