Türkiyənin İsveçin NATO üzvlüyünə “yaşıl işıq” yandırmasından sonra ABŞ-dan diqqətçəkən açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken F-16 təyyarələrinin Türkiyəyə satışı və bunun Konqresdə təsdiqi ilə bağlı danışıb.
“Türkiyənin bu təyyarələri alması ABŞ və NATO-nun maraqlarına uyğundur. Bu, alyans daxilində etdiyimiz şeydir. Bu, bütün üzvlərinin ittifaqı mümkün qədər gücləndirmək üçün lazım olan texnologiyaya malik olduğundan əmin olmaqdır”, - Blinken deyib.
Dövlət katibi F-16-ların Türkiyəyə satışı ilə bağlı Konqresin iki qanadının etdiyi etirazların necə aradan qaldırılacağına da toxunub:
“Bunlar bizim üçün həmişə ayrı-ayrı məsələlər olub. İsveçin NATO-ya daxil olması prosesi Türkiyənin razılığı ilə davam edir. Türkiyənin F-16-ları modernizasiya etməsi də administrasiyanın siyasətidir”.
Blinken Türkiyənin NATO müttəfiqi olduğunu vurğulayıb: “Bütün NATO-nun birlikdə işləməsi və Türkiyənin bu texnologiyaya sahib olması vacibdir”.