Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin alyansa üzvlüyünə razılıq verməsi ABŞ-da gündəm olub.
Teleqraf.com xəbər verir ki, “US Business Insider” nəşri Türkiyənin bir sıra güzəştlər aldıqdan sonra İsveçin üzvlüyünə “yaşıl işıq” yandırdığını yazıb.
Məqalədə Prezident Ərdoğanın ağır bazarlıq etdiyi və böyük qələbə qazandığı, bunun əvəzində ABŞ-dan çox istədiyi F-16-ları aldığı bildirilib.
Türkiyənin PKK/YPG terror təşkilatının maliyyə mənbəyinə çevrilən İsveçi bir ildən artıqdır gözlədiyini yazan qəzet NATO və İsveçlə son üçtərəfli görüşdən sonra istədiklərini aldığını iddia edib.
Ərdoğanın kifayət qədər üstünlüyə malik olduğu bildirilən məqalədə bunun ilk güzəşt olmadığı da qeyd olunub.
Türkiyənin İsveçə ciddi təzyiq göstərdiyi və terrorla mübarizədə böyük qələbə qazandığı, bununla da İsveçin öz qanunlarını dəyişməsinə zəmin yaratdığı vurğulanıb. Təhlildə qeyd olunub ki, Ərdoğan Rusiyaya qarşı sanksiyaları rədd edərək, müharibədə balanslaşdırma siyasəti ilə NATO-dakı nüfuzunu daha da artırıb və qərbli müttəfiqlərindən daha çox güzəşt əldə edib.
“Atlantic Council”in əməkdaşı Riç Otzen deyib ki, Ərdoğan İsveçə “yaşıl işıq” yandırsa da, bunun parlamentdə təsdiqi məsələsi gündəmdədir, yəni Türkiyə hələ heç nəyi birbaşa təsdiqləmir. O vurğulayıb ki, NATO, İsveç və Türkiyə bir vuruşla funksional razılaşma əldə edib.