Çərşənbə günü İsveçin cənubundakı Helsinqborqda NATO nizamnaməsinin yandırılması ilə bağlı aksiya keçirilib.
Teleqraf.com xəbər verir ki, çoxlu sayda polis əməkdaşları aksiyanı kənardan izləyiblər.
İlkin olaraq aksiyanın təşkilatçısı 29 yaşlı Lukas Yunkvist Quranın yandırılması üçün müraciət edib. Lakin sonradan bundan inciyənlərin hamısından üzr istəyərək Quran əvəzinə NATO nizamnaməsinin yandırılacağını bildirib.
Qeyd olunur ki, gənc Türkiyəni İsveçin ərizəsinin ratifikasiyasından imtinaya təhrik etmək və bununla da ölkəsinin Şimali Atlantika Alyansına daxil olması prosesini dayandırmaq və ya heç olmasa ləngitmək üçün Quranı yandırmaq niyyətində olub. Lakin yeni şəraitdə o, öz etirazını NATO nizamnaməsini yandırmaqla bildirmək qərarına gəlib.
Xatırladaq ki, bazar ertəsi Türkiyə İsveçin NATO-ya qəbulu ilə bağlı vetonu ləğv etməyə razılaşıb.