“Vaqner” muzdlularının Rusiya Prezidenti Vladimir Putinə qarşı qiyam cəhdi Pekində geniş müzakirələrə səbəb olub. Çinin hakim Kommunist Partiyasının daxilində hazırkı idarəetmə sisteminin davamlılığı barədə fikir mübadiləsi aparılıb. Bu fonda partiya rəhbərliyi Çin Xalq Azadlıq ordusunun bir sıra zabitinə general rütbəsi verib. Bununla partiyası ordu üzərindəki nəzarətini gücləndirmiş olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri deyirlər ki, Çin ordusundakı komissarlar sistemi hərbçilər üzərində nəzarətin davamlılığını təmin edir. Bu sistem vaxtilə SSRİ-nin təcrübəsindən götürülüb. Bu o deməkdir ki, generallardan kimsə və ya kimlərsə ölkə rəhbərliyinə qarşı plan qurarsa, bundan ordu içindəki komissarlar dərhal xəbərdar olmalı və mümkün qiyamın qarşısını almaq üçün ölkə rəhbərliyini məlumatlandırmalıdır. Bundan başqa, komissarlar hərbçilər arasında hakimiyyətin siyasətini təbliğ etməlidir. SSRİ-də bu sistem işə yaramadı, imperiya dağıldı.
Çin lideri Si Cinpin marksist ideologiyaya sadiqdir. Marksizmin Çinin dünyagörüşünə uyğunluğunu müdafiə edən Cinpin dünya sivilizasiyasının uğurlarının öyrənilməsinin də tərəfdarıdır. O hesab edir ki, bunsuz Çində islahatları dərinləşdirmək çətin olmaz. Əslində Çin Kommunist Partiyası islahat adı altında fərqli düşünənləri əzməklə məşğuldur, uyğurlara qarşı cəza tədbirləri zəifləməyib. 100 milyona yaxın üzvü olan Çin Kommunist Partiyası islahat adı altında özəl mülkiyyətçiləri də sıxışdırmağa başlayıb.
Kreml Pekinin siyasətindən məmnundur. Kreml Pekinə yaxınlıq məqsədilə Moskvadakı elmi mərkəzlərin birində Çin lideri Si Cinpinin ideyalarının öyrənilməsi üzrə “elmi laboratoriya” təsis edib. “South China Morning Post” nəşri bu “elmi mərkəz”in başqa bir ölkədə fəaliyyət göstərmədiyini fəxrlə yazıb”.
Təhlildə vurğulanır ki, Moskva Pekinin idarəetmə təcrübəsini öyrəndiyi kimi, Pekin də Rusiyadakı son prosesləri tədqiq etməyə başlayıb:
“Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yevgeni Priqojinin qiyamı və iki şəhəri müqavimətsiz ələ keçirməsi, Putinin baş verənlərə reaksiyası Pekində ciddi tədqiq olunub. Qərb ölkələrində olduğu kimi, Pekində də bu qənaətə gəliblər ki, Putin gücünü itirir.
“Vaqner”in qiyam cəhdi Pekini qorxudub. Çünki Çin hakimiyyətindəki siyasi qrupların bir qismi Çin ordusunda da oxşar hadisələrin təkrarlana biləcəyindən ehtiyatlanırlar. Məsələn, bir qrup çinli general Çin Kommunist Partiyasının qərarlarından narazı qalarsa, bu, çinli hərbçiləri qiyama həvəsləndirə bilərmi? Komissarlar qiyamın qarşısını ala bilərlərmi? “Vaqner” muzdlularının Moskvaya yürüşü müsbət nəticə versəydi və Putin devrilsəydi, Pekində də təhlükəli vəziyyət yarana bilərdi.
SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov “yenidənqurma”ya başladıqda Çində də təlatümlər oldu, çinli tələbələr 1989-cu ildə kütləvi etirazlara başladılar. Çin hakimiyyəti Pekinin mərkəzi meydanındakı mitinqi ordu vasitəsilə dağıtdı, minlərlə insan həlak oldu. Pekində hesab edirlər ki, qonşu Rusiyada yeni təlatümlər Çində də dağıdıcı proseslərə təkan verə bilər”.