14 İyul 2023 18:05
13 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddətdir münasibətlərin gərgin olduğu Türkiyə-Kanada xəttində isti gəlişmələr yaşanır.

Teleqraf.com xəbər verir ki, Britaniyanın “Röyter” xəbər agentliyinə danışan mənbələr Kanadanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək üçün addımlar atdığını deyiblər.

Məlumata görə, Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqlədikdən sonra Kanada Türkiyə ilə bəzi PUA hissələrinin satışına qoyulan embarqolarla bağlı danışıqları davam etdirmək qərarına gəlib.

Kanadanın hələlik ixraca nəzarəti saxlayacağı bildirilərkən, Kanada Baş naziri Castin Trüdonun ofisi diqqətçəkən bir bəyanat yayıb.

“Baş nazir Vilnüsdə İsveçin NATO-ya üzvlüyü məsələsini NATO tərəfdaşları, o cümlədən Prezident Ərdoğanla müzakirə edib. Kanada müttəfiqlər arasında müdafiə ticarətində heç bir məhdudiyyət, maneə və ya sanksiyaların olmaması prinsipinə sadiq qalır”, - bəyanatda deyilir.

Türkiyə sammitdən əvvəl Vaşinqtonla apardığı danışıqlarda F-16-larla bağlı təminat istəyib və Kanadanın tətbiq etdiyi sanksiyaların müzakirələrə daxil edilməsini tələb edib. Məlumatda Türkiyənin bir növ “paket anlaşması” istədiyi və İsveçə “yaşıl işıq” yandırıldıqdan sonra Kanadanın sanksiyaların ləğvinə yönəlmiş dondurulmuş danışıqlara yenidən başlamaq qərarına gəldiyi qeyd edilib.

Türkiyə Müdafiə Nazirliyinin rəsmisi məsələ ilə əlaqədar “Röyter”ə açıqlamasında NATO müttəfiqlərinin bir-birinə ixrac məhdudiyyətləri qoymasının qəbuledilməz olduğunu və Vilnüs sammitində müəyyən irəliləyişin əldə olunduğunu söyləyib.

Adı açıqlanmayan avropalı diplomat isə bu gəlişmələrlə bağlı belə deyib:

“Ərdoğan İsveçin üzvlüyünü gözlədərək əldə edə biləcəklərini maksimum artırdı. Əvvəllər də görmüşük ki, o, əlində olan rıçaqlardan istifadə etməyi sevir”.

Ermənistanla 44 günlük müharibədə Azərbaycan Türkiyə PUA-larından istifadə etdiyinə görə Kanada həmin silahlarda istifadə olunan materialların Ankaraya satışını qadağan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər