Fəthullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhdindən yeddi il ötür.
Teleqraf.com xəbər verir ki, “TRTHaber” qardaş ölkədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunan olayla bağlı diqqətçəkən material yayımlayıb.
İyulun 15-də günorta saatlarında Milli Kəşfiyyat Təşkilatına (MİT) gələn bildiriş tarixin gedişatını dəyişdi.
MİT-in o zamankı rəhbəri Hakan Fidan xəyanət planını o zamankı Baş Qərargah rəisi Hulusi Akarla bölüşəndə FETÖ-çü xainləri panikaya düşdülər. Nə millət, nə də təşkilatın adsız qəhrəmanları tələsik önə çəkilən xəyanət planına yol verdi.
Yenimahalledə (Ankara) yerləşən Milli İstihbarat Təşkilatında sakit keçən gün saatın əqrəbləri 14:20-ni göstərəndə gələn bir bildirişlə həyəcanlandı. O bildiriş təkcə o günü yox, ölkənin gələcəyini də dəyişdi. Gələn şəxs Ordu Aviasiya Komandanlığının mayoru idi.
“Deyəcəklərim çox önəmlidir”, dedi. Bu bildirişlə xəyanət planı alt-üst oldu.
Həmin vaxt MİT rəhbəri Hakan Fidan bu bildirişlə birbaşa Baş Qərargah rəisinin yanına gedib. Hakan Fidan o günlərdə Baş Qərargah rəisi olan Hulusi Akarla görüşdü.
Bu görüş FETÖ-çü xainlərin panikasına səbəb oldu. Çevriliş planlarının deşifrə edildiyini düşünən uniformalı terrorçular iyulun 16-da gecə saat 3-ə planlaşdırdıqları qanlı cəhdi iyulun 15-i axşam saatlarına keçirdilər.
O an tarixin gedişatı dəyişdi…
MİT FETÖ-nün dövləti ələ keçirmə planına mane olan aparıcı qurumlardan biri idi. İyulun 15-də FETÖ-çü xainlər təşkilatı hədəfə aldılar. Dövlətə və orduya kök salmış bir qrup xəyanətkar saat 22:38-də MİT-in binasına ilk gülləni atdı. Silahlı toqquşma səhər saatlarına qədər davam etdi.
Həmin gecə daha bir dastan yazan təşkilatın adsız qəhrəmanları qərargahı satqınlara vermədilər.
Həmin gecə qiyamçıların məğlub olduğu digər məkan Ankara Polis İdarəsi oldu. Zirehli transportyorlarla gələn terrorçular polis və mülki vətəndaşların üzərinə güllə yağdırdılar. Amma gözlənilməz müqavimətlə qarşılaşdılar.
Ankara Polis İdarəsinə bombalarla hücum edən FETÖ-çü xainlər 7 qəhrəman polisi və 6 mülki vətəndaşı şəhid etdilər. Amma xəyanətkar şəbəkə məqsədinə nail ola bilmədi. Ankara Polis İdarəsi FETÖ-çülərə təslim edilmədi.
Qiyamçılar tərəfindən gülləbaran edilən Ankara Polis İdarəsinin binası sökülərək yenisi tikildi.
FETÖ-nün xəyanəti Türkiyəni daha da gücləndirdi – ölkəni əbədi qaranlığa gömmək istəyənlərə yol verilmədi…