Türkiyə xarici işlər naziri Hakan Fidan İndoneziyanın paytaxtı Cakartada keçirilən 56-cı ASEAN Xarici İşlər Nazirləri Sammitinə qatılıb.
Teleqraf.com xəbər verir ki, toplantıdan sonra Fidan Türkiyə səfirliyində keçirilən 15 İyul anma tədbirində çıxış edib.
“Millətimiz ölkəmizi bir ovuc terrorçu və satqınlara tapdaltmayacağına and içdi. Bu mübarizədəki yoldaşlarımız da daxil olmaqla 251 vətəndaşımız vətən yolunda son nəfəsini verdi. Əsl üzlərini görənlərə qarşı hər cür tələləri qurdular. Prezidentimizi, dövlətimizi boyun əydirməyə çalışdılar. İyulun 15-də son həmlələrini etdilər. Amma millətimiz polad iradəsi ilə bu qaranlıq terror, casus və xəyanət şəbəkəsini tarixin zibilliyinə atdı. Bu təşkilatın Türkiyədəki şəbəkəsinin belini qırdıq. Bütün qurumlarımızın, xüsusən də MİT-in böyük səyləri sayəsində onların özlərinə yer tapdıqları ölkələrin əksəriyyətində fəaliyyətlərinə son qoyduq.
Xarici kəşfiyyat orqanlarına xidmət edən bu xəyanət dəstəsinin artıq öz məkrli gündəmini rahat şəkildə həyata keçirmək imkanı yoxdur. Bir çox ölkələrdə FETÖ-nün başqa ad altında fəaliyyət göstərən təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və ya birliklərinin bağlanmasını təmin etmişik. Yeni dövrdə aidiyyəti qurumlarımızla tam koordinasiyalı və dostlarımızla səmərəli əməkdaşlıq edərək dünyanı FETÖ-yə dar etməyə davam edəcəyik”, - nazir bildirib.
Hakan Fidan qeyd edib ki, Türkiyənin terrorla mübarizəsi təkcə FETÖ ilə məhdudlaşmır:
“Prezidentimizin dediyi kimi, terrorun bütün növlərinə qarşı amansız mübarizə bizim “qırmızı xətt”imizdir. İstər PKK, istərsə də onun qolları – YPG, SDQ və DHKPC, istərsə də İŞİD olsun, dövlətimizin və millətimizin təhlükəsizliyini və bütövlüyünü təhdid edən təşkilatlarla mübarizə əsas prioritetimizdir. Möhtərəm prezidentimizin rəhbərliyi ilə atdığımız məqsədyönlü və səmərəli addımların bəhrəsini birlikdə görürük”.