Voronej vilayətində “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri iyunun 24-də silahlı üsyanda iştirakdan imtina etdikləri üçün güllələnib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baza teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, müstəntiqlər iki nəfəri güllələməkdə şübhəli bilinən şəxsi müəyyənləşdirə biliblər. İyulun 17-də hüquq-mühafizə orqanlarının əməkdaşları 25 yaşlı Qırğızıstan vətəndaşı Yaroslav Şexovtsovu saxlayıblar. Dindirmə zamanı o, özünün də "Vaqner" döyüşçüsü olduğunu bildirib və etiraf edib ki, üsyanda iştirakdan imtina edənlər iyunun 24-də öldürülüblər.
Yaxın vaxtlarda Şexovtsova barəsində həbs-qətimkan tədbiri seçiləcək. Ölənlərin kimliyi hələ müəyyən edilməyib.
Qeyd edək ki, iyunun 23-də axşam “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin qüvvələrinin onun şirkətinin arxa düşərgələrinə hücum etdiyini bildirib. Rusiya Müdafiə Nazirliyi onun ittihamlarını rədd edib və Priqojinə qarşı silahlı üsyan təşkil etməkdə ittiham olunaraq iş açılıb.
İyunun 24-də səhər saatlarında "Vaqner" PMC-nin qüvvələri Rostov-na-Donuda inzibati binaların qarşısını kəsərək Moskvaya doğru irəliləməyə başlayıblar.
Həmin gün Belarus prezidentinin mətbuat xidməti Aleksandr Lukaşenko ilə Priqojin arasında aparılan danışıqlar barədə məlumat yayıb. Sonradan "Vaqner"in rəhbəri geri addım atdığını, hərbçilərini yenidən öz düşərgələrinə göndərmək qərarına gəldiyini elan edib.