Ötən gün ABŞ-ın nüfuzlu “Nyu York Tayms” qəzetində Kırbekistan adlı hansısa Mərkəzi Asiya ölkəsi haqqında məqalə dərc olunmuşdu. Sonradan redaksiya səhvə görə üzr istəyərək söhbətin Qırğızıstandan getdiyini izah edib.
Əlbəttə, xətadan heç kim, hətta “Nyu York Tayms” kimi nüfuzlu qəzetin jurnalistləri də sığortalanmayıb. Lakin ABŞ-da Qırğızıstanın adı ilə bağlı səhvə yol verildiyi ilk dəfə deyil. 2013-cü ildə ABŞ-ın dövlət katibi Con Kerri ölkədəki universitetlərdən birində vətənpərvər çıxışı zamanı “cəsur Amerika əsgərlərinin ...Qırzaxıstanda demokratik dəyişiklikləri necə dəstəklədikləri...” barədə fəxrlə danışmışdı. Bundan başqa, o qeyd etmişdi ki, “Qırzaxstan”a demokratiyaya keçid üçün uzun vaxt lazımdır.
Jurnalistlər, özü də bir ad altında birləşdirilmiş elə həmin Mərkəzi Asiya ölkələrinin jurnalistləri “Qırzaxstan” dedikdə Qırğızıstanın adının nəzərdə tutulduğunu yalnız Dövlət Departamentinin Kerrinin nitqini düzgün transkripsiya ilə çap etməsindən sonra anladılar.
Belə səhvlərin sistemli xarakterini nəzərə alaraq ehtimal edə bilərəm ki, onların səbəbi qətiyyən xəta və səhv tələffüz deyil, sadəcə belə bir ölkənin olması və onun harada yerləşməsini bilməməklə bağlıdır. Amerikalı siyasətçilərin coğrafiya ilə bağlı əvvəllər də problemləri olub. Məsələn, Corc Buş(oğul) Avstriya ilə Avstraliyanı, İraqla İranı səhv salmışdı və dünyanı dəfələrlə bir çox başqa ölkələrin yerləşdikləri yeri bilməməsi ilə təəccübləndirmişdi.
Digər tərəfdən, Qırğızıstanı tanımamaq, xüsusilə, digər yarımkürədə yaşayan adamlar üçün cinayət deyil. Axı Azərbaycanda da heç də hamı uzaq Sent-Kits və Nevis, Tuvalu, Nauru, Niue və bir sıra digər kiçik dövlətləri tanımırlar. Həm də Qırğızıstan dünya siyasəti və iqtisadiyyatında mühüm oyunçu deyil.
Lakin ABŞ rəsmi şəxsləri və KİV hətta adlarını belə düzgün bilmədikləri ölkələrdə demokratiya ilə bağlı problemləri hallandırmağa, həmin ölkələrin hökumətlərini hər şeyə görə günahlandırmağa, onlara necə düzgün yaşamağı öyrətməyə başlayanda, bu, tamamilə başqa məsələdir.
ABŞ rəsmi şəxsləri və KİV təkcə Qırğızıstanla bağlı reallıqdan çox uzaq bəyanatlar vermirlər. Hücumlara bir çox ölkələr, o cümlədən, Azərbaycan da məruz qalır. Tənqidi materiallar dərc olunur, amerikalı siyasətçilər hansısa hüquq və azadlıqların pozulmasından danışırlar. Və bir qayda olaraq, bunların hamısını Azərbaycan haqqında çox tutqun təsəvvürlərə malik, son illər ölkədə baş verən müsbət dəyişiklikləri görməyən adamlar edirlər.
Əgər burada kiminləsə danışırlarsa, onlar da bir neçə radikal müxalifətçilərdir ki, bilərəkdən mənzərəni reallıqdan çox uzaq təsvir edirlər. Və əksinə, Azərbaycanda heç olmasa bir dəfə olan, xüsusilə də burada çalışan və yaşayanlar bir qayda olaraq ölkə haqqında çox müsbət fikirlər söyləyirlər.
ABŞ rəsmiləri və jurnalistləri də ölkədəki real vəziyyətlə azacıq tanış olduqdan sonra Azərbaycanda demokratiya haqqında problemlərdən danışarkən belə ola bilərlərmi? Baxırsan ki, Kırbekistan adlı ölkə kimi onların dedikləri "problemlər" də uydurmadır. /trend.az/