Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Rusiya təcavüzündən qorunmaq üçün vəsait axtardığı bir vaxtda məmurların dövlət prinsiplərinə və ictimai maraqlara xəyanətinə dözməyəcəyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, Volodimir Zelenskinin bəyanatı korrupsiya ilə bağlı səs-küylü təhqiqatlar fonunda səslənib. Prezidentin sözlərinə görə, bütün diqqətlərin vətənin müdafiəsinə yönəldiyi bir vaxtda dövlət maraqlarına zidd olaraq istənilən varlanmaq hərisliyi qəzəb doğurur.
Bir müddət öncə Polşada ezamiyyətini başa vurduqdan sonra Maldiv adalarına tətilə gedən “Xalqın xidmətçisi” partiyasının sabiq deputatı Yuri Aristova qarşı cinayət işi açılıb. Nəticədə vəzifəli şəxslərin xaricə getməsi qadağan edildiyi bir vaxtda Ukraynaya qayıtmayan deputat istefa vermək məcburiyyətində qalıb. Bu günlərdə isə korrupsiyada ittiham edilən Odessa şəhərinin sabiq hərbi komissarı Yevgeni Borisov Kiyevdə saxlanılıb.
Korrupsiyaya qarşı mübarizə Ukraynanın Avropaya inteqrasiyası üçün əsas şərtlərdən biridir. Avropa İttifaqı ölkənin bərpası üçün 50 milyard avro ayırmaq müqabilində Kiyevdən korrupsiyanın kökünün kəsilməsini və maliyyə yardımının xərclənməsi mexanizmində şəffaflığın təmin olunmasını tələb edir.