Səudiyyə Ərəbistanı Türkiyəyə pilotsuz uçuş aparatlarının, o cümlədən “Bayraktar” zərbə PUA-larının istehsalçısı olan “Baykar” kompaniyasının səhmlərinin 100 faizini əldə etmək istədiyini bildirib.
Teleqraf.com “Gazete Pencere” portalına istinadla xəbər verir ki, müvafiq təşəbbüs iyulun 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ər-Riyada səfəri zamanı irəli sürülüb. Portalın məlumatına görə, Səudiyyə Ərəbistanının təklifi gözlənilməz olub. Çünki “Baykar” kompaniyası səhmlərinin 40 faizdən çoxunu satmağı nəzərdən keçirmir.
Hələlik Türkiyənin hakimiyyət orqanları və PUA istehsalı üzrə ölkənin ən iri özəl kompaniyası məlumatla bağlı şərh verməyib.
Prezident Rəcəb Tayyib Ərdoğanın Ər-Riyada səfəri zamanı “Baykar”la Səudiyyə Ərəbistanı arasında zərbə PUA-sının tədarükü üzrə 3 milyard dollarlıq saziş imzalanıb. Bu, Türkiyənin hərbi-sənaye kompleksi sahəsində imzaladığı ən iri birdəfəlik müqavilədir.
“Baykar” 2022-ci ildə 1,2 milyard dollarlıq məhsul ixrac edib və bu il satışları daha da artırmağı planlaşdırır.