Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin planlaşdırılan görüşü zamanı müzakirə ediləcək mövzular bəlli olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verib.
O bildirib ki, liderlər Ukrayna və “Taxıl sazişi” ilə bağlı mövzulara toxunacaqlar: “Gündəlikdə duran ilk məsələ çoxşaxəli olan ikitərəfli münasibətlərimizdir. Eyni zamanda Ukrayna diqqət mərkəzində olacaq. Bundan başqa bu gün Putinin türkiyəli həmkarına hərtərəfli izahat verdiyi “Taxıl sazişi” məsələsidir və təbii ki, dünyada baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq”.
Peskov əlavə edib ki, liderlərin görüşünün yeri və vaxtı ilə bağlı diplomatik yollarla müzakirələr aparılır: “Görüşün yeri müzakirə olunacaq, bu, mütləq Türkiyə deyil. Prezidentin özü Sankt-Peterburqda keçirdiyi gecə mətbuat konfransında sadəcə deyirdi ki, indi onun ölkədə olmasının vaxtıdır, ona görə də hər hansı səfərlər etmək onun üçün çətindir”.