Bunu APA-ya açıqlamasında Fransanın gündəlik “Liberation” qəzetinin baş direktoru Johan Hufnagel deyib.
O bildirib ki, Fransa jurnalistlərinə qarşı törədilmiş bu terror mətbuatı susdura bilməyəcək, söz azadlığına təsir etməyəcək: “Əlbəttə ki, biz bundan sonra daha məsuliyyətli olmalıyıq. Vəziyyəti daha aydın izah etməliyik, düzgün kontekstdə çatdırmalıyıq ki, irqindən, dinindən, milli mənsubiyyətindən, fikirlərindən asılı olmayaraq bütün həmvətənlərimizdə düzgün rəy yaradaq, fikirləri qarışdıran hərəkətlərdən uzaq durmalıyıq.
Təbii ki, bu terror aktının məqsədi, ölkə mətbuatını, Fransa xalqını qorxutmaq, vahiməyə salmaq və fransızları bölmək idi. Onların məqsədi, yumordan təxribat kimi istifadə etmək, fransızları öz fərqlilikləri, müxtəlif ideyaları ilə seçilən ölkələrində yaşaya bilməyəcəklərinə inandırmağa çalışmaq idi”.
Baş direktor deyib ki, onun fikrincə, “Charlie Hebdo” yaşamalı və indiyə qədər göstərdiyi fəaliyyətdən imtina etməməlidir.