Gürcüstanın qərbindəki yüksək dağ massivində yerləşən Şovi bələdiyyəsi ərazisində torpaq sürüşməsi baş verib.
Teleqraf.com xəbər verir ki, təbii fəlakət ciddi problemlər yaradıb.
Torpaq ərazidən keçən çayın qarşısını kəsib və çay məcrasından çıxıb. Nəticədə avtomobil yolu dağılıb, "Sanset Şovi" kurortunun ərazisindəki kotteclər uçub, burada istirahət edən 40-dan çox turistin və kənd sakinlərinin ətraf ərazilərlə əlaqəsi kəsilib.
Gürcüstan hökuməti çətin vəziyyətdə qalan turistlərin və kənd sakinlərinin təxliyəsi üçün tədbirlər görür. Əraziyə xeyli sayda xilasedici, habelə Daxili İşlər Nazirliyinin sərhəd xidmətinin helikopterləri cəlb olunub.
İnsanlar helikopterlər vasitəsilə təxliyə olunur. Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb.