Qazaxıstan hökuməti “Z”, “V”, “Аrmiya Rossii”, “Vejlivıe lyudi” və “ÇVK Vaqner” hərbi simvollarının qadağan edilməsini istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə “KazTAG” məlumat yayıb.
“Müxtəlif etnik qrupların ayrı-ayrı nümayəndələri ictimai yerlərdə müxtəlif etnik simvolları, o cümlədən tarixi mənşəyi bağlı olduğu ölkə ilə əlaqədar olan simvolları nümayiş etdirirlər. Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Qazaxıstanda “Z” və ya “V” işarələri olan paltarlar, oyuncaqlar, nəqliyyat vasitələrinin nümayişi faktları tez-tez baş verir. Cəmiyyətdə birmənalı qarşılanmayan ticarət şəbəkələrində müxtəlif simvollarla, xüsusən də “Armiya Rossii”, “Vejlivıe lyudi” və sair oyuncaqların satışı və reklamı faktları qeydə alınıb.
Bununla əlaqədar Qazaxıstan Baş Prokurorluğu bu il hökumətə oxşar rəmzlər olan məhsulların istehsalına, idxalına, daşınmasına, saxlanmasına və yayılmasına görə qanunvericilik qadağası və inzibati məsuliyyətin tətbiqi ilə bağlı təklif göndərib”, - Baş Prokurorluğun rəsmi nümayəndəsi Semeya Kuat Bapinov deyib.
Məlumatda qeyd olunur ki, bu gündən dövlət orqanları etnosiyasiləşdirilmiş simvolların ticarət şəbəkələri vasitəsilə yayılmasının qarşısının alınması üçün hüquqi əsaslar hazırlayır.