ABŞ-ın göndərdiyi 26-cı Dəniz Piyadaları Ekspedisiya Birliyi və 3000-dən çox hərbçidən ibarət döyüş gəmiləri Yaxın Şərqə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı məlumat verib.
İyulun 10-da Virciniya ştatından yola düşən “USS Bataan” amfibiya, “USS Cartel Hall” desant gəmiləri və təxminən 3000 hərbçidən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Birliyi avqustun 6-da Qırmızı dənizə gəlib.
Açıqlamada ABŞ-ın 5-ci Donanmasının bölgədəki imkanlarının yeni hərbçilər və gəmilərin gəlməsi ilə artacağı bildirilib.
İyulun 21-də ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada müdafiə naziri Lloyd Ostinin Yaxın Şərqə amfibiya gəmisi və əməliyyat qrupunun göndərilməsini təsdiqlədiyi və gəmilərin yolda olduğu deyilmişdi.
Sözügedən addım İranın Bəsrə körfəzində ticarət gəmilərinə təcavüzlərindən sonra atılıb.
ABŞ İranın iyulun əvvəlində Hörmüz boğazında iki neft tankerini ələ keçirməyə cəhd etdiyini və gəmiyə atəş açdığını açıqlayıb.
ABŞ Müdafiə Nazirliyinin iyulun 17-də verdiyi açıqlamada İranın körfəz və ətrafında ticarət gəmilərini ələ keçirmək cəhdlərindən sonra “USS Thomas Hudner” esminesi və F-35 döyüş təyyarələrinin bölgəyə göndərilməsinə qərar verildiyi bildirilmişdi.