Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) Nigerdə baş vermiş hərbi çevrilişlə əlaqədar yenidən toplaşır.
Teleqraf.com xəbər verir ki, birlikdən verilən açıqlamada Nigeriya Prezidenti və eyni zamanda ECOWAS-ın rəhbəri Bola Əhməd Tinubu ilə Nigerdəki çevrilişlə bağlı avqustun 10-da növbəti təcili toplantının keçiriləcəyi bildirilib.
ECOWAS liderləri sammitdə Nigerdəki siyasi vəziyyəti və son hadisələri müzakirə edəcəklər.
İyulun 26-da Nigerdə baş verən hərbi çevrilişdən sonra ECOWAS hərbi xuntaya iyulun 30-da Prezident Məhəmməd Bazumu azad edib vəzifəsinə qayıtması üçün 7 gün vaxt vermişdi. ECOWAS-ın hərbi xuntaya verdiyi bir həftəlik müddət dünən bitib. ECOWAS bu müddətdə tələblərinin yerinə yetirilməməsi halında hərbi müdaxilə də daxil olmaqla hər variantı nəzərdən keçirəcəklərini bildirmişdi. Amma gözləntilərin əksinə olaraq müddət bitdikdən sonra hərbi əməliyyat başlamayıb.
Nigerdə hakimiyyəti ələ keçirmiş “Vətəni Müdafiə Milli Şurası” (CNSP) mümkün hücuma qarşı ölkənin hava məkanını ikinci əmrə qədər bağlayıb. Bu baxımdan, ECOWAS-ın qarşıdakı toplantısında hansı qərarı verəcəyi müzakirə mövzusudur.
ECOWAS-a 15 Afrika ölkəsi daxildir.
İyulun 26-da Prezident Məhəmməd Bazum Prezidentin Mühafizə Alayının hərbçiləri tərəfindən saxlanılıb və həmin axşam hərbçilər onun devrildiyini elan ediblər. Prezidentin Mühafizə Alayının komandiri general Əbdürrəhman Tçiyani iyulun 28-də “Vətəni Müdafiə Milli Şurası” xuntasına rəhbərlik etməyə başlayıb və keçid hökumətinin başçısı olub.