Misirdə səfərdə olan Yunanıstan xarici işlər naziri Corc Gerapetritis Afina-Ankara əlaqələri ilə bağlı mühüm açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, yunan nazir Türkiyənin Avropa Birliyinə üzvlüyünü dəstəklədiklərini deyib.
“Türkiyə ilə Yunanıstan yaxınlaşma və səmimi münasibət qurma prosesindədir. Yunanıstan Avropaya gedən yolda Türkiyənin yanındadır”, - Gerapetritis bildirib.
Nazir türkiyəli həmkarı Hakan Fidanla görüşünü xatırladıb:
“Cənab Fidanla müsbət və müntəzəm əlaqə saxlayırıq. Bizim əslində etmək istədiyimiz ticarət, iqtisadiyyat, mülki müdafiə, turizm, iki ölkənin ümumi inkişafı kimi ortaq maraqları olan müsbət gündəmi təşviq etmək və sonra əlaqələrimiz üzərində işləməkdir”.
Gerapetritis bölgədə sülhün bərqərar olması üçün siyasi dialoqa ehtiyacın olduğunu vurğulayıb: “Xoş niyyətə əsaslanan yaxşı qonşuluq münasibətləri qurmalıyıq. Son aylarda Egeydə olan sakitliyə əsaslanaraq, siyasi dialoqumuzu daha da inkişaf etdirə biləcəyimizə nisbətən ümidliyik”.
Gerapetritis sentyabrda Yunanıstan Baş naziri Kiriakos Mitsotakis və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşəcəyini də açıqlayıb:
“Sentyabrın ortalarında BMT Baş Assambleyasının sammiti (ABŞ) çərçivəsində liderlərin iştirakı ilə nümayəndə heyətləri arasında görüş keçiriləcək, ilin sonuna doğru isə geniş tərkibli Yunanıstan-Türkiyə Ali Şurası yaradılacaq”.