Burkina Faso və Mali Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) mümkün Niger əməliyyatına qarşı BMT Təhlükəsizlik Şurasından kömək istəyib.
Teleqraf.com xəbər verir ki, iki ölkənin xarici işlər nazirləri tərəfindən birgə bəyanat imzalanıb.
Bəyanatda əməliyyatların gözlənilməz nəticələri barədə xəbərdarlıq edilib. Hazırda bir çox çətinliklərlə mübarizə aparan Niger xalqının daha böyük humanitar faciə ilə üzləşməməsi üçün BMT TŞ-nin müdrikliyinə arxalandığı vurğulanıb.
Bəyanatın mətni Afrika Birliyi Sülh və Təhlükəsizlik Şurasına da göndərilib.
Nigerdə 26 iyul hərbi çevrilişindən sonra ECOWAS iyulun 30-da hərbi xuntaya Prezident Məhəmməd Bazumu azad edib vəzifəsinə qaytarması üçün 7 gün vaxt vermişdi. ECOWAS-ın hərbi xuntaya verdiyi bir həftəlik müddət avqustun 6-da gecə yarısı başa çatıb. ECOWAS bu müddətdə tələblərinin yerinə yetirilməməsi halında hərbi müdaxilə də daxil olmaqla hər variantı nəzərdən keçirəcəklərini bildirmişdi. Amma gözləntilərin əksinə olaraq hərbi əməliyyatlar başlamayıb.
Burkina Faso və Mali ECOWAS-a Nigerə hərbi müdaxilənin onlara qarşı da müharibə mənasına gələcəyi barədə xəbərdarlıq edib, Qvineya da xuntaya dəstək bəyanatı verib.
ECOWAS ölkələri Niger üçün yeni yol xəritəsini müəyyən etmək üçün avqustun 10-da Nigeriyanın Abuca şəhərində yenidən bir araya gələcək.
Nigerdə çevrilişdən sonra “Tuareq” qiyamçı qruplaşmasının keçmiş lideri və sabiq nazir Rissa Aq Bula xuntaya qarşı siyasi hərəkata başlayıb. Bula xunta rejimini rədd edən “Respublika Müqavimət Şurası” (CRR) adlı siyasi hərəkat başlatdığını açıqlayıb.
Açıqlamada Xuntanın vasitəçilik cəhdlərini qəti şəkildə rədd etdiyi, kütlələri manipulyasiya etdiyi və “Vaqner” kimi hərbi cinayətkarları ölkəyə çağırdığı vurğulanıb. Qeyd olunub ki, CRR konstitusiya quruluşunu müdafiə edən siyasi hərəkatdır və Prezident Məhəmməd Bazumun iqtidara qaytarılması üçün mübarizə aparacaq.
Açıqlamada Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin mümkün hərbi müdaxilə planının dəstəkləndiyi vurğulanıb.
Niger də daxil olmaqla ECOWAS-a 15 Afrika ölkəsi daxildir.