Polşa Belarusla sərhədinə qeyri-qanuni keçidləri dayandırmaq və sabitliyi qorumaq üçün sərhəd xidmətinin tələbindən iki dəfə çox olan 2000 hərbçi göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşa daxili işlər nazirinin müavini Maçey Vasik məlumat verib.
Vasik bildirib ki, sərhəd xidməti sərhədləri gücləndirmək üçün əlavə 1000 hərbçi tələb edib, amma sonda bu sayı artırmaq qərarına gəlib:
“Gücləndirmə 1000 yox, 2000 hərbçidən ibarət olacaq. Bu qərarı Təhlükəsizlik Komitəsi və müdafiə naziri Mariuş Blaşçak verib”.
Vasik onu da söyləyib ki, miqrantların Polşaya qeyri-qanuni yollarla daxil olmaq cəhdləri Belarus hakimiyyəti tərəfindən təşkil edilir: “Əgər o tərəfdə qaçaqmalçılıq xidmətləri yox, real sərhədçilər olsaydı, bu keçidlər ümumiyyətlə olmazdı”.
“Vaqner” muzdlularının iyulda Belarusa göndərilməsindən sonra vəziyyət mürəkkəbləşib. Bundan sonra Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, “vaqnerçilər” Polşaya tələsirlər və onları cilovlamaqdan yorulub.
Ayın əvvəlində Belarusdan iki helikopter Polşanın hava məkanına daxil olub. Həmçinin həftənin əvvəlində Belarus Litva və Polşa ilə sərhədləri yaxınlığında hərbi təlimlərə başlayıb. Bununla əlaqədar olaraq, Polşanın sərhəd xidmətinin rəisi Tomaş Praxa əlavə 1000 hərbçinin Belarusla sərhədə göndərilməsi tələbi ilə Müdafiə Nazirliyinə müraciət edib.