10 Avqust 2023 22:42
2 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marsda günün uzunluğu planetin fırlanma sürəti artdıqca hər il millisaniyənin dörddə üçü qısalır.

Teleqraf.com xəbər verir ki, bu nəticələr NASA-nın (ABŞ-ın Milli Kosmos Agentliyi) “InSight” zondu tərəfindən təqdim edilən məlumatlardan əldə edilib.

Elm adamları deyirlər ki, Marsda bir sutka adətən 24 saat 37 dəqiqə davam edir. Ancaq yeni aparılan ölçmələr planetin fırlanma sürətinin cüzi miqdarda artdığını göstərir. Alimlər hələlik bunun izahını bilmirlər. Amma ehtimala görə, bu, planetin kütləsinin yenidən bölüşdürülməsi ilə əlaqədardır ki, bu da onun fırlanmasına təsir edə bilər. Mütəxəssislər hesab edirlər ki, yenidən bölüşdürülmə Marsın qütblərində buzların yığılması ilə bağlı ola bilər.

Marsın fırlanma sürətinin dəqiq ölçülərini əldə etmək üçün elm adamları radiodalğalardan istifadə ediblər. Üç radioantenadan ibarət sistem tərəfindən Marsa güclü radiosiqnal göndərilib. Araşdırmada “qırmızı planet”in fırlanmasının ildə 0.76 millisaniyə sürətləndiyi qənaətinə gəlinib. Bu, Marsın fırlanma dövrünün indiyə qədər aparılan ən dəqiq ölçülməsidir.

Belçika Kral Rəsədxanasının planetoloqu Sebastyan Le Mestr təcrübə ilə bağlı deyib: “Bu, tarixi bir təcrübədir. Təcrübəyə hazırlaşmağa çox vaxt və enerji sərf etdik, indi bu kəşf bizi həyəcanlandırır”.

Marsda baş verənlər çoxdan elm adamlarını narahat edir. Hazırda orada fəaliyyət göstərən bir neçə missiya Marsda həyatın və bunun əlamətlərinin mümkün olub-olmadığını araşdırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər