Rusiyanın formalaşdırdığı ittifaqlarda ixtilaf dərinləşib. Kreml iyulda keçirdiyi Rusiya-Afrika sammitindən istədiyi nəticəni əldə etmədi. Prezident Vladimir Putinin “biz Afrika ölkələrinin bir qisminə taxılı pulsuz çatdıracağıq” çağırışı toplantıya qatılan bir sıra ölkələrin liderləri tərəfindən mənfi qarşılanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri Cənubi Afrika Respublikası (CAR) prezidentinin Rusiya başçısına cavabına diqqət çəkirlər:
“CAR lideri etirazını gizlətməyərək belə bir cümlə işlədib: “Bizə hədiyyə lazım deyil, Qara dənizdən taxıl daşıyan gəmilərə sərbəst hərəkət sərbəstliyi verin”.
Bu sözlər ona işarədir ki, Rusiya Ukrayna taxılının Afrika ölkələrinə daşınmasının qarşısını alıb.
Rusiyanın formalaşdırdığı bir başqa ittifaqda da dərin fikir ayrılığı yaranıb. Bir qrup ölkə BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) təşkilatına üzv olmaq istəyir. Rusiya və Çin BRİKS-i yeni üzvlərlə gücləndirmək istəyir. Məsələn, Çin birliyi inkişaf etməkdə olan ölkələr hesabına genişləndirməkdə maraqlıdır. Pekin ilk növbədə İndoneziya və Səudiyyə Ərəbistanının birliyə üzv olmasını dəstəkləyir. Hindistan və Braziliya isə fərqli mövqedədir. Rusiya və Çin BRİKS-i Qərbə qarşı güclü bir alyansa çevirmək istəyərkən, Hindistan və Braziliya buna qarşıdır.
Bu arada, Rusiya yeni ittifaqın yaradılmasına çalışır. Yeni ittifaq Rusiya, Çin və Şimali Koreyadan ibarət olmalıdır. Təsadüfi deyil ki, Rusiya müdafiə naziri Sergey Şoyqu iyulda Şimali Koreyaya səfər edərək bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi məsələrini müzakirə edib. Rusiya Ukrayna müharibəsini davam etdirmək məqsədilə Şimali Koreyadan silah-sursat almaqla yanaşı, Pxenyanla ittifaqı gücləndirməyi planlaşdırır. Bu plan Pekinin də maraqlarına cavab verir”.
Təhlildə vurğulanır ki, Şoyqudan sonra qapalı ölkə sayılan Şimali Koreyaya Çin nümayəndə heyəti səfər edib:
“Mümkündür ki, gələcəkdə Rusiya, Çin və Şimali Koreya arasında birgə hərbi təlimlər keçirilsin. Son illərdə Rusiya ilə Çin arasında birgə hərbi təlimlərin sayı onsuz da artıb. Çin və Rusiyanın Yapon dənizində 4 günlük birgə təlimlərindən sonra bu iki ölkənin Sakit okeanda birgə dəniz və hava patrulları həyata keçirəcəyi xəbəri yayılıb. Birgə təlimlər strateji dəniz yollarının təhlükəsizliyini təmin etmək, o cümlədən iki ordunun donanması və hava qüvvələrinin birgə imkanlarını tətbiq etmək kimi qiymətləndirilir. Pekin və Moskva birgə hərbi təlimləri iki ölkə arasında strateji əməkdaşlığı güclənirməklə yanaşı, Şimal-şərqi Asiyada sabitliyi qorumaq kimi dəyərləndirirlər.
Bölgə ölkələri - Hindistan, Avtrasliya və Yaponiya isə Çin və Rusiyanın artan hərbi əməkdaşlığı və birgə hərbi təlimlərini “Asiyada sabitliyin qorunması” kimi deyil, böyük təhlükə kimi qiymətləndirirlər. Buna görə də ABŞ, Hindistan, Yaponiya və Avstraliya bu gündən “Malabar” hərbi dəniz təlimlərinə başlayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasının komandanı vitse-admiral Karl Tomas bildirib ki, hərbi təlimlər 4 dövlətin birgə işləməsini yaxşılaşdırmaq üçün nəzərdə tutulub. ABŞ və Hindistan “Malabar” təlimini 1992-ci ildən başlayaraq birgə keçirir, sonrakı illərdə təlimlərə Avstraliya və Yaponiya da qoşulub. Təlimlərdə sualtı gəmilərlə yanaşı, qırıcı təyyarələr də iştirak edəcək”.