İŞİD terror təşkilatının Suriyanın şimal-şərqində Deyr əz-Zorda həyata keçirdiyi silahlı hücumda 23 suriyalı hərbçinin həlak olduğu bildirilib.
Teleqraf.com xəbər verir ki, Suriya hərbçilərinin olduğu avtobus İŞİD yaraqlıları tərəfindən mühasirəyə alınıb.
Avtobusun atəşə tutulduğu və 23 suriyalı hərbçinin həlak olduğu açıqlanıb.
Hadisə İŞİD-in bu ilin “ən ölümcül hücum”u kimi qiymətləndirilib. Terror təşkilatının son həftələrdə Suriyanın şimal və şimal-şərqində hücumlarını artırdığı bildirilib.
İŞİD bir neçə il əvvəl Suriyanın şimal-şərqindən İraqın şimalına qədər 88 min kvadratkilometr ərazini nəzarətə götürmüşdü. 2019-cu ildə həyata keçirilən əməliyyatlar nəticəsində terror təşkilatı bölgədən təmizlənərkən, BMT İŞİD-in qalıcı təhdid olaraq qaldığı barədə xəbərdarlıq edir.