“Afrika ölkələrindəki son proseslər nəticəsində siyasi sərhədlər və balans dəyişəcək”.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Əray Güçlüər deyib.
“Afrika xalqları illərlə istismar olunduqlarının fərqində idilər, amma imperializmin qaydaları keçərli olduğu üçün danışa bilmirdilər. Artıq Rusiyanın dəstəyi ilə bəzi təşəbbüslərə start verilib. Hadisələrin baş verdiyi yerlər Afrikanı iki yerə bölən orta qurşaqdadır. Fransanın Afrikanı istismar etməklə qazandığı pul ildə 500 milyard dollardan çoxdur. Nigeriyadakı təbii qazın Niger və Mərakeş vasitəsilə Fransaya nəqli nəzərdə tutularkən, hadisələrin başlaması ilə bu istismar anlaşması dayandı. İlk dəfə olaraq Afrika xalqları bu istismar sisteminə qarşı təşəbbüs göstərdilər. Görünür, Afrika qlobal güclərin münaqişə zonasına çevriləcək. Deyə bilərik ki, Afrika daxili münaqişələrə doğru gedir”, - ekspert bildirib.
Güçlüər Türkiyənin Afrika siyasətinə də diqqət çəkib:
“Türkiyənin Afrika açılımı ilə bu cəmiyyətlərdə “imperializm tək seçim deyil” fikri ortaya çıxdı. Türkiyə Afrika açılımını artırmalı və genişləndirməlidir. Türkiyə Afrikadakı bu böyük transformasiyaya hazır olmalıdır. Bu proses nəticəsində siyasi sərhədlər, balans dəyişəcək. Çox güman ki, Fransa və digər Avropa imperiya gücləri burada mövqelərini itirəcəklər. Bu boşluğu doldura biləcək tək bir ölkə var - Türkiyə”.