Böyük Britaniya İranda baş nazir Məhəmməd Müsəddiqə qarşı 1953-cü ildə hərbi çevrilişdə rolunu qəbul etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Britaniyanın keçmiş xarici işlər naziri Devid Ouen deyib.
Sabiq nazir ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (MKİ) da Amerika və Britaniya ilə ortaq şəkildə reallaşdığını etiraf etdiyi çevrilişdəki rolunun London tərəfindən etiraf edilməsinin ölkənin imicinə müsbət töhfə verəcəyini deyib.
1977-1979-cu illərdə xarici işlər naziri olan Ouen Müsəddiqin devrilməsinin yanlış addım olduğunu, bunun demokratik İran qurmaq səylərinə zərbə vurduğunu və mövcud rejimin yaranmasına səbəb olduğunu bildirib.
2013-cü ildə bir sıra kəşfiyyat məlumatlarını ictimaiyyətlə paylaşan MKİ ABŞ-ın çevrilişdəki rolunu rəsmən qəbul etsə də, Britaniya bu günə qədər bu mövzuda rəsmi açıqlama verməyib.
1951-ci ildə hakimiyyətə gələn Müsəddiq tərəfindən neft müəssisələrinin milliləşdirilməsi İkinci Dünya Müharibəsindən sonra İran neftini iqtisadi yenidənqurma baxımından çox mühüm amil kimi görən ABŞ və Britaniyada böyük narahatlıq doğurmuşdu. MKİ-nin sənədlərinə görə, bu səbəbdən iki ölkə Müsəddiqi devirərək Pəhləvi ailəsini yenidən hakimiyyətə gətirmək üçün çevriliş planını həyata keçirib.