ABŞ hərbçisi Travis Kinq orduda “qeyri-insani rəftar və irqi ayrı-seçkilik” səbəbindən keçən ay Şimali Koreya ərazisinə keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi mediası məlumat yayıb.
23 yaşlı hərbçi iyulun 18-də Cənubi Koreya ilə sərhədi keçib. Şimali Koreya mediasının iddiasına görə, Kinq sərhədi qanunsuz keçdiyini və Pxenyandan sığınacaq almaq istədiyini bildirib.
ABŞ Şimali Koreya ordusu ilə birbaşa telefon əlaqəsi olan Birləşmiş Xalqlar Komandanlığının köməyi ilə Travis Kinqin geri qaytarılması üçün danışıqlar aparmağa çalışır.
ABŞ Müdafiə Nazirliyindən bildirilib ki, prioritet hərbçinin sağ-salamat evə gətirilməsidir.
Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA Kinqin mühakimə olunacağı və ya cəzalandırılacağı barədə məlumat verməyib.
“Dindirilmə zamanı Travis Kinq ABŞ ordusunda qeyri-insani rəftar və irqi ayrı-seçkiliklə bağlı xoş təəssüratının olmadığı üçün Şimali Koreyaya getməyə qərar verdiyini etiraf edib. O, həmçinin Şimali Koreyadan və ya üçüncü ölkədən sığınacaq istəməyə hazır olduğunu və qeyri-bərabər Amerika cəmiyyətindən məyus olduğunu bildirib”, - Şimali Koreya KİV-i qeyd edib.
Kinq kəşfiyyatçıdır, 2021-ci ildən orduda xidmət edir. Yanvar ayında Cənubi Koreyaya göndərilib.
Sərhədi keçməzdən əvvəl Cənubi Koreyada hücum ittihamı ilə iki aylıq həbs cəzasına məhkum edilib, iyulun 10-da sərbəst buraxılıb.