ABŞ İrandan Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi kamikadze dronlarının (PUA) Moskvaya satışına son qoymasını istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr ABŞ və İran arasındakı gərginliyi azaltmaq və Tehranın nüvə proqramı ilə bağlı aparılan dolayı danışıqlarda Vaşinqtonun Rusiyaya PUA, eləcə də dron ehtiyat hissələrinin satışını dayandırmaq istədiyini bildirib.
İddiaya görə, ABŞ administrasiyası bu il Qətər və Omanda İranla aparılan danışıqlarda məsələni gündəmə gətirib.
Xəbərdə Tehranın Rusiyadan Ukraynaya qarşı kamikadze PUA-larının istifadəsinə son qoyulmasını dəfələrlə tələb etdiyi qeyd olunub. Bununla belə, ABŞ administrasiyası İrandan bununla bağlı daha konkret addımlar atmasını istəyib.
ABŞ-ın İrandan bu tələbinin ötən həftə Tehranın 4 Amerika vətəndaşını həbsxanadan ev dustaqlığına göndərilməsi ilə nəticələnən məhbus mübadiləsi anlaşması üzrə danışıqlarla birgə aparıldığı iddia olunur.
ABŞ dövlət katibi Entoni Blinkenin İranın artan nüvə təhlükəsini azaltmaq üçün atacağı hər hansı addımı alqışlayacağı barədə bəyanatı ilə Vaşinqton və Tehranın gərginliyi azaltmağa və nüvə proqramı ilə bağlı daha geniş danışıqlar aparmağa çalışdığı deyilir.
Ukrayna Rusiyanın İrandan aldığı PUA-ları müharibədə istifadə etdiyinə dair tez-tez açıqlamalar verir. İran isə bunu təkzib edir.