Türkiyənin dünya səhnəsində izlədiyi siyasətdən yazan İngiltərənin “Middle East Eye” (MEE) saytı qardaş ölkə ilə bağlı diqqətçəkən məqalə dərc edib.
Teleqraf.com xəbər verir ki, internet nəşri Avropa Birliyinin Türkiyə xarici işlər naziri Hakan Fidanı ittifaqın xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına (Gymnich) dəvət etməli olduğunu bildirir.
MEE davam edən Rusiya-Ukrayna müharibəsi və digər qlobal geosiyasi proseslər kontekstində Ankaranın artan önəmini vurğulayır:
“Ankaranın artan geosiyasi əhəmiyyəti və regional münaqişələrdə vasitəçilik etmək üçün unikal qabiliyyəti onu Avropa üçün əsas strateji tərəfdaşa çevirir”.
MEE kritik AB toplantısının iki həftə sonra İspaniyanın Toledo şəhərində keçiriləcəyini xatırladır, Hakan Fidanın da ora dəvət edilməsi lazım olduğunu yazır.
Bu görüşlərin qeyri-rəsmi mühitinin geosiyasi proseslər, AB-nin strateji xarici siyasət prioritetləri və ümumi yanaşmaları ilə bağlı səmimi və açıq müzakirələr üçün əla mühit yaratdığı vurğulanan məqalədə deyilir:
“Müzakirə olunan mövzulardan asılı olaraq, bu toplantılara AB üzvü olmayan ölkələrin xarici işlər nazirləri də tez-tez dəvət olunur. Türkiyə xarici işlər naziri sonuncu dəfə 2019-cu ilin birinci yarısında Rumıniyanın AB-yə sədrliyi zamanı “Gimnix” toplantısına dəvət olunub”.
Sayt Rusiyanın Ukraynaya hücumundan sonra geosiyasi mənzərənin kəskin şəkildə dəyişdiyini qeyd edir və Hakan Fidan faktoruna diqqət çəkir:
“Hazırkı konyukturada AB xarici işlər nazirlərinin Qara Dəniz Taxıl Müqaviləsində unikal və kritik rol oynayan bir ölkənin xarici işlər naziri ilə nə üçün fikir mübadiləsi aparmaq istəmədiyini izah etmək çətindir”.
MEE Türkiyənin AB-nin mühüm strateji tərəfdaşı olduğunu vurğulayır: “Ankaranın mühüm geosiyasi oyunçu kimi rolu durmadan artır. Bu rol Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə yeni təyin olunmuş Hakan Fidanla daha da güclənəcək və genişlənəcək”.
Fidanın xarici işlər naziri olmadan əvvəl Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri olduğunu xatırladan MEE onu “Ərdoğanın yaxın sirdaşı” adlandırır.
MEE Fidanın toplantıya dəvət edilməsinin AB-nin ali nümayəndəsi Jozef Borrelin cəhdlərinə rəğmən uğursuzluğa düçar olduğunu bildirir:
“Ankara ilə Brüssel arasında münasibətlərin inkişafı və forması nə olur-olsun, indi AB və Türkiyə bir-biri ilə işləməyə daha çox məcburdur”.
Məqalənin sonunda AB-yə belə bir çağırış edilir: “Dəvət göndərmək üçün hələ də gec deyil”.
AB Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı adını bu formatda ilk görüşün keçirildiyi Almaniyanın Gimnix qəsrindən (Gymnich) götürüb.