"ABŞ İranla hansısa anlaşmaya yaxın deyil".
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel deyib.
“Açıq şəkildə bildirmişik ki, İran gələcəkdə diplomatiya üçün zəmin yaratmaq üçün gərginliyi azaltmalıdır, amma biz İranla heç bir razılaşmaya yaxın deyilik. İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəyimizə sadiqik, diplomatiyanı bu məqsədə çatmaq üçün ən yaxşı yol hesab edirik”, - ABŞ rəsmisi bildirib.
Patel İranın bir sıra bölgələrdə sabitliyi pozan davranışlara yol verdiyini söyləyib:
“Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə İranın sabitliyi pozan fəaliyyətlərinə, o cümlədən Ukrayna müharibəsində Rusiyaya pilotsuz təyyarələr göndərməsinə, pilotsuz təyyarələr və digər təhlükəli silahların istehsalına və yayılmasına görə İranı məsuliyyətə cəlb etmək üçün işi davam etdirəcəyik”.
Böyük Britaniyanın “Fincancial Times” qəzeti bundan əvvəl ABŞ və İranın anlaşmaya yaxın olduqlarını yazmışdı. Nəşrin iddiasına görə, məhbus mübadiləsi ilə bağlı aparılan müzakirələr zamanı müəyyən şifahi razılaşmalar əldə olunub.