ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın Cənubi Kiprə (yunan) bir il müddətinə silah embarqosunu ləğv etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Miller 2024-cü maliyyə ilində müdafiə materiallarının təkrar ixracına və transferinə icazə verilməsi üçün Cənubi Kiprin müvafiq qanunvericilik çərçivəsində lazımi şərtləri yerinə yetirdiyini iddia edib.
ABŞ rəsmisi bu çərçivədə 2024-cü maliyyə ilində Cənubi Kipr üçün müdafiə ticarəti sanksiyalarının qaldırıldığını bildirib.
Şimali Kipr Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyi ABŞ-ın qərarına sərt təpki verib:
“Bütün səylərimizə baxmayaraq, ABŞ administrasiyasının Yunan Kiprinin silahlandırılmasını dəstəkləyən mövqeyinin adadakı həssas tarazlığı pozmaq bahasına sürətlənməsini qəbul etmək mümkün deyil. Bu addım bir daha ABŞ administrasiyasının yunan tərəfinin bir çox ölkə ilə hərbi əməkdaşlığını artırdığı bir vaxtda adanın və bölgənin sabitliyinə verdiyi önəmlə bağlı səmimiyyətini şübhə altına aldı”.
Bəyanatda ABŞ hərbi gəmilərinin müxtəlif səbəblərdən yunan limanlarına səfərlərinin narahatlıqla qarşılandığı, bunun davamlılığının sülh və sabitliyin qorunması üçün narahatlıq doğurduğu vurğulanıb. ABŞ-ın bu addımlarının yunan tərəfini bölgədə hərbi təxribatlara təşviq etdiyi bildirlib.
Bəyanatda ABŞ Yunan Kipri ilə əməkdaşlıq adı altında müdafiə sahəsində təxribat xarakterli addımlardan çəkinməyə, adadakı tarazlığa riayət etməyə çağırılıb:
“Bu davranışlar qarşısında həmişə olduğu kimi ana vətən Türkiyə ilə birlikdə Kipr türk xalqının təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün addımları atmağa davam edəcəyimizi bir daha bəyan edirik”.