Beynəlxalq Şahmat Federasiyası (FİDE) kişidən qadına çevrilən transseksualların qadın turnirlərində iştirakını müvəqqəti olaraq qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu qərardan sonra FİDE ciddi tənqid hədəfinə çevrilib.
Yeni tənzimləməyə görə, cinsiyyətin kişidən qadına dəyişdirən oyunçunun Federasiyanın yeni qərarına qədər qadınlar üçün keçirilən rəsmi tədbirlərdə iştirak etmək hüququ yoxdur.
“Bu qərar əlavə təhlilə əsaslanmalı və FİDE Şurası tərəfindən mümkün qədər tez, lakin 2 ildən çox olmayaraq qəbul edilməlidir. Cinsiyyətini dəyişmiş şəxsin açıq divizionda (üzv olan istənilən oyunçunun iştirak etdiyi turnir) oynaması üçün heç bir məhdudiyyət yoxdur” deyə, bəyanatda deyilir.
FİDE-nin transseksuallarla bağlı qəbul etdiyi digər diqqətçəkən qərarı isə titulu qazanmaqla bağlı olub: “Əgər bir oyunçunun qadın titullarından hər hansı biri varsa, lakin cinsiyyəti kişi olaraq dəyişdirilibsə, qadın titulları silinəcək. Əgər bir oyunçu cinsini kişidən qadına dəyişibsə, əvvəlki bütün titullar qüvvədə qalır”.