12 Yanvar 2015 13:51
1 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlu: "Bu hadisə Qərbin Rusiya siyasətinə təsir etməyəcək"

Yanvarın 7-də Parisdə “Charlie Hebdo” adlı satirik jurnalın reaksiyasına silahlı basqının icraçıları zərərsizləşdirilsə də, olayın təşkilatçı və sifarişçiləri hələ müəyyənləşdirilməyib. "Əl-Qaidə" qruplaşmasının Yəmən qolu məsuliyyəti üzərinə götürsə də, müşahidələr və təhlillər terrorun arxasında dura biləcək qüvvələrin daha iriçaplı güc olduğunu deməyə imkan var. Bu arada diqqət Rusiyaya yönəlib. Qeyd olunur ki, Parisdəki terror Kremlin işinə yarıyıb.

Krım tatarlarının lideri, deputat Mustafa Cəmilov bildirib ki, Parisdəki terror aktları daha çox Rusiyanın maraqlarına uyğundur: "Belə faciəli hadisələr baş verəndə cəmiyyətdə sual yaranır: bu kimə sərfəli ola bilər? Burada birmənalı şəkildə belə bir nəticə çıxarmaq olar ki, bu terror aktları ən çox Rusiyaya sərfəlidir. Ona görə ki, bununla Rusiyanın Ukraynaya qarşı terrorundan diqqət "islam terrorizmi"nə yönəldi".

Mühacirətdə olan çeçen siyasətçi Əhməd Zakayev də bir müddət öncə verdiyi açıqlamasında bildirib ki, Fransadakı terrorun arxasında Rusiyanın maraqları dayanır.

“Avropa Birliyi və digərləri eyni anda Rusiyanı Çeçenistanda törətdiyi hərbi cinayətlərə görə qınamağa başladı. Bu zaman isə Putinə yaxın olan şəxslərdən biri dedi ki, yaxın zamanlarda onlar elə bir şey edəcəklər ki, bu konfliktdə Qərb Rusiyanın tərəfində olacaq. Nəticədə 2001-ci ildə Amerikaya hücum oldu. Buna görə ABŞ-a zəng vuran Putin idi. O, bəyan etdi ki, Rusiya terrorla mübarizə koalisiyasına qoşulmağa hazırdır. Putin Çeçenistana da bu konteksdə baxılması gərəkdiyini söylədi. Rusiya xüsusi xidmət orqanları çalışırlar ki, islam terrorçuları əsl düşmən simasına düşsünlər. Onlar Qərblə eyni düşmən tapmaq istəyirlər ki, sanksiyaları üzərlərindən götürsünlər. Bundan belə qənaət gəlmək olar ki, Parisdəki terror aktlarında Rusiya maraqlıdır”.

Bəs, Azərbaycanda bu barədə nə düşünürlər? Bu suala aydınlıq gətirmək üçün ADP sədri Sərdar Cəlaloğluya müraciət etdik. Onun sözlərinə görə, Parisdəki terroru törədənlər bəllidir və məsuliyyəti üzərinə götürən təşkilat da var: "Qaldı ki, maraqlara cavab vermək məsələsinə, bəli, burada qazanan ölkələr oldu. Rusiyaya qarşı sanksiya məsələsi bir qədər arxa plana keçdi, amma bu, heç nəyi dəyişdirməyəcək. ABŞ Rusiyaya qarşı siyasətində ardıcıl və prinsipialdır. Rusiya çox istəyir ki, Avropada, Amerikada ara qarışsın, çaxnaşma düşsün. Bir müddət öncə çeçen Çarnayev qardaşları ABŞ-da terror törətdilər və bu, Rusiyaya sərf etdi. Kreml çeçenləri dünyaya terrorçu kimi qələmə vermək istəyir. Fransa demokratik olkədir, dünyaya bir sıra dəyərlər bəxş edib. Bu dəyərlərdən biri də söz azadlığıdır. Məsələyə söz azadlığının boğulması prizmasından yanaşmaq lazımdır. Rusiya kimi ölkələr demokratiyanın güclənməsində maraqlı deyillər. İmperiya maraqları onların əsas prioritetidir. Terror elə bir dəhşətli cinayətdir ki, o, gec-tez sənin özünü də vuracaq. Bu mənada Fransadakı terroru təşkil edənlər bunu bilməlidilər. Bəzən deyirlər ki, nə üçün Parisdə 12 jurnalistin ölümünə görə dünya ayağa qalxır, amma müsəlman ölkələrində hər gün yüzlərlə insan qırılır, səsini çıxaran yoxdur? Heç kəs ərəb ölkələrindəki qırğınları dəstəkləmir. Əksinə pisləyir. Məsələnin digər tərəfi var. Əfqanıstan dünyaya hansı dümokratik, hümanist dəyəri bəxş edib ki, oradakı qırğınlara görə ictimaiyyət ayağa qalxsın. Həmçinin müsəlmanlar bir-birini qırır. Qərb buna nə etsin?".

S.Cəlaloğlu hesab edir ki, "Parisdəki terror Rusiyanın maraqlarına xidmət edir" deməklə nəyəsə nail olmaq mümkün deyil: "Rusiyaya qarşı qərəzli mövqedə olan, Kremlin siyasətindən inciyənlərin açıqlamalarını başa düşürəm. Amma ortaya fakt qoymaq lazımdır. Bir daha qeyd edirəm ki, Parisdəki terror Qərbin Rusiya siyasətinə təsir göstərməyəcək".

Ayxan


Müəllif:

Oxşar xəbərlər