İstanbul meri Əkrəm İmamoğlu 16 milyon əhalisi olan şəhərin sakinlərini Türkiyə metropolisindəki quraqlıq təhlükəsi ilə əlaqədar suya qənaət etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İstanbul meri “X” (tviter) hesabında yazıb.
“Proqnozlara görə, bu həftə İstanbulda yağıntı gözlənilmir. Bütün vətəndaşlarımızı sudan istifadə edərkən və ona qənaət edərkən daha diqqətli olmağa çağırıram. Şəhərimiz və ölkəmiz quraqlıq təhlükəsi ilə üz-üzədir”, - o yazıb.
Yayın isti və quraq keçməsi ilə əlaqədar olaraq İstanbulun su anbarlarında su ehtiyatı bazar günü normanın 32,38%-nə qədər azalıb ki, bu da son 9 ilin ən aşağı göstəricisidir.
Hava proqnozlarına görə, gələn həftə İstanbulda orta temperatur 30 dərəcəni keçəcək.