“Haaretz” qəzetinə danışan adı açıqlanmayan yüksək səviyyəli İsrail rəsmisi ABŞ-ın vasitəçiliyi ilə bu ölkə və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, nəşr məlumatlı mənbəyə istinadla iki ölkənin razılaşmaya yaxın olduğunu yazıb.
“İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-da olarkən dedi ki, İsrail, ABŞ və Səudiyyə Ərəbistanı arasında razılaşmanın bir hissəsi olaraq Səudiyyənin mülki məqsədlər üçün nüvə proqramı həyata keçirməsinə qarşı deyil. Səudiyyə Ərəbistanı Vaşinqtondan istədiyini almasa, Çin və ya Fransa kimi digər ölkələrə müraciət edə bilər”, - rəsmi bildirib.
Məlumatda Baş naziri Binyamin Netanyahuya ən yaxın isimlərdən biri olan Dermerin ABŞ-ın Səudiyyə və İsrail arasında vasitəçilik səyləri ilə bağlı danışıqlar aparmaq üçün avqustun 17-də Vaşinqtona səfər etdiyi xatırladılıb. Nazir həmin gün ABŞ-ın paytaxtında dövlət katibi Entoni Blinkenlə görüşüb.
“The Wall Street Journal” bundan əvvəl yazmışdı ki, ABŞ və Səudiyyə Ərəbistanı İsrailin Fələstinə güzəştləri müqabilində Səudiyyə Ərəbistanının İsraili tanıması, ABŞ-ın Ər-Riyada təhlükəsizlik zəmanəti və onun mülki nüvə proqramına dəstək kimi sazişin geniş xətləri üzərində razılaşıb.