Rusiyaya məxsus döyüş təyyarəsinin İdlibə (Suriya) endirdiyi zərbələr nəticəsində 2 mülki şəxs həlak olub, 5-i isə yaralanıb.
Teleqraf.com xəbər verir ki, Xmeymim hava bazasından havaya qalxan döyüş təyyarəsi İdlibin Ayn Şib kəndinə hava zərbələri endirib.
“Ağ Dəbilqəlilər” Briqadası hücumda 2 mülki vətəndaşın həyatını itirdiyini, 5-nin isə yaralandığını açıqlayıb.
2017-ci ildə Astana görüşündə Türkiyə, Rusiya və İran Suriya rejiminin nəzarətində olmayan ərazidə 4 deeskalasiya zonası yaratmaq qərarına gəlib. Anlaşmaya baxmayaraq, rejim qüvvələri, İranın dəstəklədiyi terrorçular və Rusiya hücumlarını davam etdirərək 4 bölgədən 3-nü ələ keçirərək İdlibə doğru irəliləməyə çalışırlar.
Türkiyə 2018-ci ilin sentyabrında Rusiya ilə atəşkəsi təmin üçün əlavə razılaşma əldə etsə də, 2019-cu ilin mayında hücumlar yenidən güclənib. Türkiyə ilə Rusiya arasında 2020-ci il martın 5-də imzalanan yeni razılaşmadan sonra atəşkəs qismən qorunub.
2017-2020-ci illərdə hücumlardan qaçan 2 milyona yaxın mülki şəxs Türkiyə sərhədinə yaxın ərazilərə köç etmək məcburiyyətində qalıb.