“Krımın ilhaqını (Rusiyaya) tanımayan Türkiyə ilk gündən bu addımın qeyri-legitim olduğunu qətiyyətlə müdafiə edir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz sülhün bərqərar olması istiqamətində vasitəçilik səylərimizi yorulmadan davam etdirmək əzmindəyik. Müharibənin bitməsi və Qara dəniz hövzəsində sülhün və sabitliyin bərpası təkcə region üçün deyil, bütün dünyaya rahatlıq gətirəcək. Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha bildirirəm, ümid edirəm ki, regionumuz tezliklə sülh mühitinə qovuşacaq”, - Türkiyə lideri bildirib.
Ərdoğan vurğulayıb ki, Krımın ilhaqını tanımayan Türkiyə ilk gündən bu addımın qeyri-legitim olduğunu qətiyyətlə müdafiə edir.
Ukraynanın ərazi bütövlüyü və suverenliyi lehinə mövqelərini davam etdirdiklərini xatırladan Türkiyə prezidenti əlavə edib:
“Biz hər bir platformada, xüsusən də Birləşmiş Millətlər Təşkilatında Krımın Ukraynanın bir hissəsi olduğunu bildiririk. Krımın yerli xalqlarından biri olan tatar-türk soydaşlarımızın təhlükəsizliyini və rifahını təmin etmək prioritetlərimiz sırasındadır”.