BRİKS təşkilatının Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində başa çatan toplantısında əsas qərarlardan biri birliyə yeni üzvlərin qəbulu məsələsi oldu. Yeni üzvlərin qəbulu qapalı toplantıda müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri bildirirlər ki, 30 dövlət təşkilata üzv olmaq istəyir:
“Bunlardan 22-si - Əlcəzair, Argentina, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Honduras, Misir, İndoneziya, İran, Qazaxıstan, Kuba, Küveyt, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Səudiyyə Ərəbistanı, Seneqal, Tailand və Efiopiya üzvlüklə bağlı təşkilata rəsmi müraciət göndərib. Hansı dövlətlərin birinci növbədə üzv olacağı müəyyənləşdirilməlidir.
Rusiya və Çin təşklata yeni üzvlərinə qəbulunu dəstəkləyir. Rusiya gələn il təşkilata sədrlik edəcək. Rusiya Prezidenti Vladimir Putin həmin toplantıda yeni üzvlərin qəbulunu rəsmiləşdirmək istəyir. Çin lideri Si Cinpin də eyni mövqedədir. Hindistanın mövqeyi bir qədər fərqlidir. Dehli şübhələnir ki, Çin təşkilata yeni üzvlər qəbul etməklə, tərəfdaşlarının sayını artırmağa çalışır. Dehli üzvlüyə qəbulun kriteriyalarının müəyyənləşdirilməsinin tərəfdarıdır. Braziliya da bu məsələdə Hindistanla eyni mövqedən çıxış edir. Çin təşkilata ilk növbədə İndoneziya ilə Səudiyyə Ərəbistanının qəbuluna çalışır. Hər iki dövlət son illərdə Çinlə sıx əməkdaşlıq edir.
“Financial Times” Pekinin yeni üzvlər vasitəsilə Qərbin Çinə qarşı siyasətini zəiflətmək məqsədi güddüyünü yazır. Moskva və Pekin BRİKS-i “Böyük Yeddilər”ə alternativ təşkilata çevirmək istəyir. Bəllidir ki, yaxın bir ildə təşkilatın üzvlərinin sayı artacaq. Nəticədə BRİKS-in adı da dəyişəcək”.