Prezident Vladimir Zelenski Ukrayna kəşfiyyatının işğal olunmuş Krımda keçirdiyi uğurlu xüsusi əməliyyatı şərh edib.
Teleqraf.com xəbər verir ki, Ukrayna lideri brifinqdə bunun yarımadanın azad edilməsinin başlanğıcı demək olub-olmaması ilə bağlı sualı cavablandırıb.
Zelenski qeyd edib ki, hazırda Krımın azad edilməsi haqda danışmaq tezdir.
“Bəli, onlar bizim uşaqlardır. Bizim tərəfdən heç bir itki yoxdur. Mən Baş Kəşfiyyat İdarəsinin (QUR) rəhbəri ilə telefonda bunu müzakirə etmişəm”, - Ukrayna lideri bildirib.
Onun sözlərinə görə, QUR rəhbəri Kiril Budanovdan ətraflı hesabat gözləyir.
Bu gün səhər saatlarında Ukrayna Baş Kəşfiyyat İdarəsinin xüsusi bölmələri Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Krımın Olenivka və Mayak yaşayış məntəqələri ərazisində sahilə enib.
Ukrayna kəşfiyyatçıları ilə ruslar arasında döyüş baş verib, nəticədə qarşı tərəf canlı qüvvə və texnika itkisi verib. Məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov açıqlayıb. Onun sözlərinə görə, Ukrayna hərbçiləri yarımadanı itkisiz tərk ediblər.