Niger Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) mümkün hərbi müdaxiləsinə qarşı Burkina Faso və Malinin sərhədlərinə girməsinə icazə verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Niger Xarici İşlər Nazirliyinin baş katibinin müavini Omaru İbrahim Sidi açıqlama verib.
Açıqlamada qeyd olunub ki, Burkina Faso və Malinin təhlükəsizlik qüvvələrinə hücum ediləcəyi təqdirdə Niger ərazisinə müdaxilə etmək səlahiyyəti verən anlaşma imzalanıb.
Mali və Burkina Faso xarici işlər nazirləri Abdulay Diop və Oliviya Ruamba dünən Niameydə olub və hərbi xuntanın lideri general Abdurrahman Çiyanı ilə görüşüblər.
Hərbi xuntaların iqtidarda olduğu Burkina Faso və Mali bundan əvvəl birgə bəyanatla Nigerdəki çevrilişi qəbul etməyən ECOWAS-ın mümkün hərbi əməliyyata qarşı Nigerin yanında olduqlarını bildirib. Bəyanatda xəbərdarlıq edilib ki, Nigerə qarşı istənilən hərbi müdaxilə Burkina Faso və Maliyə qarşı müharibədir.
Hər iki ölkə hərbi müdaxilə ehtimalına qarşı Nigerə “Super Tukano” tipli döyüş təyyarələri göndərib.