25 Avqust 2023 22:23
1 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yevgeni Priqojinin ölümü “Vaqner”in biznes imperiyasına nəzarət uğrunda mübarizə yolunu açır. Bu, həm də Rusiya ordusuna qoşulmağa hazır olan praqmatistlərlə artıq sosial şəbəkələrdə qəzəblərini nümayiş etdirən ultra-millətçilər və yaraqlılar arasında parçalanmaya səbəb olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Endryu Boren “Röyter”ə deyib.

Kəşfiyyatçı Priqojinin ölümünü “Rusiya üçün strateji itki” adlandırıb. Eyni zamanda, britaniyalı analitik Samuel Ramani də əmindir ki, “Vaqner” liderinin ölümünün Afrika ölkələrində Rusiya üçün mənfi tərəfləri olacaq.

“Rusiya Priqojinin qitədəki bir çox şəxsi, o cümlədən Mali və Mərkəzi Afrika Respublikası kimi sanksiyaya məruz qalmış ölkələrdən qızıl və almaz ixracı üçün lazımi əlaqələri itirir”, - Ramani bildirib.

Mənbə xatırladıb ki, Priqojinin öldüyü gün Rusiya KİV-i Rusiya Hərbi-Hava Qüvvələrinin komandanı Sergey Surovikinin vəzifəsindən uzaqlaşdırılması barədə məlumat yayıb. Təsdiqlənməmiş məlumata görə, general Priqojinin qiyamında iştirakına görə istintaqa cəlb edilib.

Ramaninin fikrincə, müharibədə təsiredici rola malik bu iki şəxsin sıradan çıxarılması Moskvanın davamlı hücum əməliyyatları keçirməsinə mane ola bilər. O əlavə edib ki, əgər Priqojinin ölümünə görə məsuliyyət Vladimir Putinin üzərindədirsə, bu, Rusiya prezidentinin amansız repressiyalara hazır olduğunu göstərir.

“Bu, həm də zəifliyi göstərir. Çünki o, əvvəllər bu ultramillətçiləri öz tərəfinə çəkməklə sakitləşdirirdisə, indi güc tətbiq edir. Bu, Putinin 2024-cü ildən sonrakı sabitliyi haqda yaxşı heç nə demir”, - analitik qeyd edib.

Siyasi ekspert Robert Horvat da Putinin durumunun kövrək olduğunu söyləyib:

“Priqojinin öldürülməsi ilə bağlı problem ondadır ki, bu, on minlərlə “Vaqner” muzdluları - döyüşlərdə qəddarlaşmış veteranlar, “Vaqner” bayrağı altında vuruşmuş məhkumlar və ya cinayətkarlar tərəfindən qisas riski daşıyır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər