Almaniya kansleri Olaf Şolz "Cum-Ex" işində yalan danışmaqda təqsirli bilinərsə, onun siyasi karyerası bitəcək.
Teleqraf.com "RİA Novosti"-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müxalifət partiyası olan Xristian Demokratik İttifaqının (CDU) lideri Fridrix Merz bildirib.
Merzin sözlərinə görə, Şolzun susması Almaniyanın reputasiyasına xələl gətirir, ona görə də o, təcili olaraq bu işə münasibət bildirməlidir.
“Əgər kanslerin "Warburq" bankı ilə bağlı vergi qalmaqalı ilə bağlı yalan danışdığı sübuta yetirilərsə, siyasi nöqteyi-nəzərdən bu, onun sonunu gətirəcək”, - deyə siyasətçi vurğulayıb.
Şolz 2017-ci ildə Avropa maliyyə elitasının nümayəndələrinin iştirakı ilə müəyyən edilmiş, səhm dividendləri üzrə vergilərin qaytarılması kimi büdcədən on milyardlarla avro alan saxtakarlıq sxemində şübhəli bilinir. Bu sxemdən Almaniya iqtisadiyyatına dəyən zərər 10 milyard avro olaraq qiymətləndirilir.