Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında gözlənilən danışıqlar taxıl müqaviləsinin gələcəyinə böyük ölçüdə aydınlıq gətirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA “Novosti” məlumatlı mənbələrə istinadla məlumat yayıb.
“Bu görüşə çox böyük ümidlər var, məsələyə bir çox cəhətdən aydınlıq gətiriləcək, bütün aidiyyəti qurumlar bu istiqamətdə işləyirlər. Proses BMT ilə razılaşdırılıb, onlar da bu danışıqları izləyəcəklər”, - agentliyin mənbəsi deyib.
Mənbə danışıqların konstruktiv olacağına və taxıl sazişinin bərpası üçün imkanlar açacağına ümid etdiyini bildirib.
Türkiyədən diplomatik mənbə agentliyə söyləyib ki, görüşün sentyabrın əvvəlində, G20 sammitindən əvvəl Rusiyada keçirilməsi planlaşdırılır.