Yunanıstan xarici işlər naziri Yorqo Gerapetritin sentyabrın 5-də baş tutacaq Türkiyə səfəri və həmkarı Hakan Fidanla təması yunan mediasının gündəminə çevrilib.
Teleqraf.com xəbər verir ki, bundan əvvəl Yunanıstan Xarici İşlər Nazirliyi səfərlə bağlı açıqlama verib.
Açıqlamada Yunanıstan xarici işlər nazirinin sentyabrın 5-də Türkiyəyə işgüzar səfərə gələcəyi və türk həmkarı ilə görüşəcəyi bildirilib.
Gerapetritin səfəri və bu zaman müzakirə olunacaq mümkün məsələr yunan mediasının gündəminə çevrilib.
“Proto Thema” qəzeti Hakan Fidan və Yorqo Gerapetrit arasında keçiriləcək görüşün dönüş nöqtələrinin müəyyən edilməsi baxımından önəmli olacağını yazıb.
Məqalədə Prezident Rəcəb Tayyib Ərdoğan və Yunanıstan Baş naziri Kiryakos Mitsotakisin gələn ilin oktyabrında Salonikidə görüşə biləcəyi də iddia edilib. Bundan əvvəl isə liderlərin sentyabrda BMT Baş Assambleyasının sammiti çərçivəsində Nyu-Yorkda (ABŞ) bir araya gələcəkləri xatırladılıb. Bu kontekstdə Gerapetrit-Fidan görüşünün böyük önəm kəsb etdiyi vurğulanıb. Birbaşa diplomatik kanalın açıq saxlanılması üçün mühüm irəliləyişin olacağı bildirilib.
“To Vima”nın iddiasına görə, bu səfər qarşıdakı iki ay ərzində yüksək səviyyəli Türkiyə-Yunanıstan təmasları üçün zəmin hazırlamaq məqsədi daşıyır.