Rusiya Prezident Aparatı 2024-cü ildə keçiriləcək prezident seçkilərində kimlərin Prezident Vladimir Putinlə “rəqabət” aparacağına qərar verib.
Teleqraf.com xəbər verir ki, Rusiyanın “Meduza” nəşrinin Kremlə yaxın iki mənbəsi namizədlərin yaşının əsas seçim meyarlarından biri olduğunu bildirib.
“Qeydə alınan namizədlər arasında yaşı 50-dən aşağı olan siyasətçilər olmamalıdır. Seçki bülletenində belə namizədlərin olması rusları düşünməyə vadar edə bilər ki, rəsmilərin fikrincə, 70 yaşlı Putin artıq hakimiyyətə “güclü əl” ideyası ilə gələn adam deyil”, - məqalədə deyilir.
Məlumata görə, Prezident Aparatı seçkilərdə Putindən başqa üç parlament partiyasının da öz namizədlərini irəli sürəcəyini gözləyir: Rusiya Kommunist Partiyası, Rusiya Liberal-Demokrat Partiyası (RLDP) və “Yeni İnsanlar” Partiyası. Artıq “Ədalətli Rusiya” Partiyasının lideri Sergey Mironov komandasının namizəd irəli sürməyəcəyini, Putini dəstəkləyəcəyini açıqlayıb.
Nəşrin yazdığına görə, Kreml Gennadi Züqanovu Kommunist Partiyasının namizədi kimi görür. Züqanov 2008-ci il seçkilərində 17, 2012-ci ildə isə 18 faiz səs toplayıb. Reytinqin belə sabitliyi Kreml üçün vacibdir. Putinin qarşıdan gələn seçkilərdə rekord nəticə göstərəcəyi gözlənilir.
İddiaya görə, hazırkı prezident 70 faizdən çox seçici fəallığı ilə 80 faizdən çox səs toplamalıdır. RLDP-nin namizədi, Kremlin istədiyi kimi, partiyanın lideri Leonid Slutski olmalıdır. Prezident aparatına yaxın mənbənin sözlərinə görə, Slutski piardan xoşu gəldiyi üçün seçkilərdə iştirak etmək istəyir.
“Meduza” qeyd edir ki, “Yeni İnsanlar” Partiyası ilə bağlı məsələ daha mürəkkəbdir. Kreml buradan həmin partiyanın sədri, iş adamı Aleksey Neçayevin namizədliyinin irəli sürülməsini istərdi. Çünki Slutski ciddi və dürüst insan kimi tanınır, amma populyar və çox da xarizmatik deyil. Yəni Putinə təhlükə yarada bilməz. Amma “Meduza” bunun hələlik Neçayevin özü ilə razılaşdırılmadığını qeyd edir.
Neçayev partiyasının 2026-cı ildə Dövlət Dumasına keçiriləcək seçkilərdə ən azı üçüncü yeri tutmasını istəyir. O hesab edir ki, prezident seçkilərindəki aşağı göstəricisi (təxminən 2 faiz) həmin məqsədə mane olacaq.
Nəşr onu da iddia edir ki, ruslar son bir neçə ildə Putinin yaşından narahat olaraq, onun varisi barədə düşünməyə başlayıblar.