30 Avqust 2023 17:34
1 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın şimalındakı Saskaçevan əyalətindəki keçmiş kilsə internat məktəbində 93 uşaq məzarı tapılıb.

Teleqraf.com xəbər verir ki, məzarlardan 14-nün körpə uşağa aid olması ehtimal edilir.

Məzarlıq 1860-cı ildə inşa edilmiş “Beauval” yerli Amerika yaşayış massivinin ərazisi skan edilərkən aşkarlanıb. Mütəxəssislər bunun son rəqəm olmadığını düşünür və daha çox məzarın aşkarlanmasından narahatdır.

İlk dəfə 1840-cı ildə Kanada hökuməti adından katolik kilsəsi tərəfindən açılan, sonuncusu isə 1997-ci ildə bağlanan internat məktəbləri 150 mindən çox yerli uşağın zorla ailələrindən alındığı yerlər kimi tarixə düşüb. İddia olunurdu ki, ailələrindən və mədəniyyətlərindən zorla çıxarılaraq, ağdərililərin üstünlük təşkil etdiyi icmalara “inteqrasiya” edilən yerli uşaqların əksəriyyəti pis rəftara, aclığa və soyuğa, habelə cinsi və fiziki zorakılığa məruz qalıb, hətta bəzi uşaqlar üzərində tibbi təcrübələr də aparılırmış.

Qeyd edək ki, 2008-ci ildə Kanadada internat kilsələrində baş verən faciənin bütün aspektlərini üzə çıxarmaq üçün Həqiqət və Barışıq Komissiyası yaradılıb.

Kilsə məktəblərində qalarkən ölən uşaqların sayı bəzi mənbələrdə 4 200 göstərilsə də, Komissiyanın hesabatında kilsə idarələrində ölüm hallarının sənədləşdirilmədiyi üçün bu rəqəmin 5 995 olduğu qeyd edilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər