Yaponiyanın baş naziri Kişida Fumio Fukusima Atom Elektrik Stansiyasından radioaktiv tullantı sularının axıdılması ilə bağlı artan ictimai narahatlıqları həll etmək üçün kameralar qarşısında qəribə bir üsula əl atıb.
Teleqraf.com xəbər verir ki, Kişida və bəzi nazirlər naharda elektrik stansiyasının yaxınlığında dənizdən çıxan məhsullara üstünlük veriblər.
Bildirilib ki, yemək atılan suyun insan sağlamlığına mümkün mənfi təsirləri və ölkədə dəniz məhsullarının reputasiyasına xələl gətirməsi ilə bağlı narahatlıqları aradan qaldırmaq məqsədi daşıyır.
İqtisadiyyat, Ticarət və Sənaye Naziri Nişimura Yasutoşinin və Kişidanın Fukuşimadan yığılan düyü ilə birlikdə dəniz levrəyi, altlıq və ahtapotdan ibarət “saşimi” yediyi bildirilir.
Nişimura nahardan sonra müsahibəsində bildirib ki, elektrik stansiyasının yaxınlığında dənizdən çıxan dəniz məhsullarının təhlükəsizliyi ilə bağlı həm yerli, həm də xarici insanlar məlumatlandırılmalıdır.
Qeyd edək ki, 2011-ci ilin martında baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində yaranan sunami Fukusima Atom Elektrik Stansiyasında 4 nüvə reaktorundan 3-nə ziyan vurmuş, radioaktiv tullantılar səbəbindən elektrik stansiyasının ətrafı evakuasiya zonası elan edilmişdi.
Obyekt daxilindəki 1 və 3 saylı reaktorlarda nüvənin əriməsindən sonra reaktorların soyudulması üçün onlara su tökülməyə başlanıb. Zamanla radioaktiv tullantı suları yığılıb.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) 2023-cü ilin iyul ayında Yaponiyanın yığılmış tullantı sularını dənizə axıtmaq planının təhlükəsizlik standartlarına uyğun olduğunu bildirib. Yaponiya avqustun 24-də Fukusimada tullantı sularının axıdılmasına başlayıb.