Avropa İttifaqı (Aİ) Ukraynaya 2024-2027-ci illər üçün ildə 5 milyard avro həcmində hərbi yardım ayrılacağı fond yaratmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrell İspaniyanın Toledo şəhərində keçirilən birlik ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra təşkil edilən mətbuat konfransında bildirib.
“Mən 2024-2027-ci illər ərzində Avropa Sülh Fondu çərçivəsində işləyəcək fond yaratmağı təklif etdim. Bu, Ukraynaya dəstəyimizin əsas elementi olmalıdır. Fond çərçivəsində hər il 5 milyard avro ayıracağıq”, - o deyib.
J.Borrellin sözlərinə görə, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri cümə axşamı keçiriləcək görüşdə Ukrayna üçün fondun yaradılması məsələsini də müzakirə edəcəklər. “Ümid edirəm ki, ən qısa zamanda razılıq əldə olunacaq, ümidvaram ki, ən uzağı ilin sonuna qədər bu reallaşacaq”, - o əlavə edib.
Qeyd edək ki, J.Borrell Ukraynaya yardım fondu dedikdə Aİ-nin son aylarda hazırladığı rəsmi Kiyevə hərbi dəstək planını nəzərdə tutur. Ehtimal olunur ki, bura qarşıdakı 4 il ərzində 20 milyard avro məbləğində silah təchizatı və hərbçilərin təlimi daxildir. Bu plan Avropa Sülh Fondunun xətti ilə həyata keçiriləcək. Bu fondun vəsaiti Aİ ölkələrinin rəsmi Kiyevə silah, sursat və hərbi texnika üçün ehtiyat hissələrinin alınması, habelə Ukrayna Silahlı Qüvvələri üçün kadr hazırlığı xərclərinin qismən ödənilməsinə yönəldiləcək.