Həbsdə olan Donbas separatçısı, polkovnik İqor Strelkov-Qirkin Rusiya prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Qirkin Rusiya lideri Vladimir Putinin ona uduza biləcəyini iddia edib.
Onun sözlərinə görə, Putin hərbi əməliyyatlara rəhbərlik etməkdən imtina edir, özünü hərbi işlərdə səriştəsiz sayır.
“Mən özümü hərbi məsələlərdə indiki prezidentdən və müdafiə nazirindən daha bacarıqlı hesab edirəm, ona görə də ali baş komandan vəzifəsini yerinə yetirə bilərəm”, - polkovnik deyib.
Qirkin rus ordusunun Ukrayna ilə müharibəyə hazırlıqsız girdiyini söyləyib:
“Məlum oldu ki, Rusiya, nə ordu, nə də sənaye müharibəyə hazırdır, Ukrayna isə heç də hərbi mənada oyuncaq deyilmiş. Bununla belə, müdafiə, kəşfiyyat və təhlükəsizlik strukturlarının bütün rəhbərləri öz yerlərində qalıblar, onlar səriştəsizliyi ilə bizi təəccübləndirməkdə davam edirlər”.